0.jpg
1 oktyabr 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yekaterinburq gimnaziyasında Azərbaycan sinfi açılıb

Yekaterinburqdakı 108 nömrəli gimnaziyada Azərbaycan dilində təhsil aparılan sinfin açılışı olub. UNESCO ilə sıx əməkdaşlıq edən mötəbər təhsil müəssisəsində Azərbaycan dilində təhsil aparılan sinif Heydər Əliyev Fondunun və Azərbaycanın Yekaterinburqdakı konsulluğunun təşəbbüsü və Sverdlovsk vilayət Administrasiyasının yardımı ilə açılıb.


Rəmzi qırmızı lenti Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov və Sverdlovsk vilayət Administrasiyanın rəhbəri Yakov Silin, habelə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski kəsdilər.


Yakov Silin çıxış edərək Sverdlovsk vilayətinin qubernatoru Yevgeniya Kuyvaşevanın təbriklərini çatdırdı, Azərbaycan ilə Sverdlovsk arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafını yüksək qiymətləndirdi, Yekaterinburqun mötəbər ümumtəhsil məktəblərindən birində Azərbaycan dilində təhsil aparılan sinfin açılmasını mühüm hadisə adlandırdı. Y.Silin Azərbaycanın dahi siyasi xadimi, ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, humanitar sahədə qarşılıqlı fəaliyyət sahəsində danılmaz xidmətlərini diqqətə çatdırdı.


Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Heydər Əliyev Fondunun və Azərbaycanın baş konsulluğunun təşəbbüsünü dəstəklədiyinə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirdi, yeni sinfin açılmasını Azərbaycan ilə Yekaterinburq arasında dostluq münasibətlərinin inkişafında əhəmiyyətli hadisə adlandırdı. 


S.Qasımov ölkəmizdə təhsil və humanitar əməkdaşlıq, Azərbaycanda rus dilinə və ədəbiyyatına qayğılı münasibət sahələrində dövlət siyasətindən ətraflı danışdı. Baş konsul Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2010-cu ilin dekabrında Yekaterinburqa səfərindən sonra vilayətlə yaranan sıx əlaqələrdən söhbət açdı. Sultan Qasımov dostluq və tərəfdaşlıq əlaqələrinin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin əməkdaşlığın dərinləşməsində rolundan danışdı. Onun sözlərinə görə, strateji tərəfdaşlığın genişləndirilməsi ənənəsini Prezident İlham Əliyev uğurla davam etdirir.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təbrik məktubları oxundu.


Sonra mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri Azərbaycan diasporu nümayəndələrinin köməyi ilə təmir olunmuş sinfə baxdılar. Sinifdə təhsil alacaq 8 azərbaycanlı şagirdə Azərbaycan və Rusiya müəllimləri dərs deyəcəklər.


Rəsmi mərasimdən sonra gimnaziya şagirdlərinin iştirakı ilə konsert oldu.