02_YEKUN TUR-RESPUBLIKA.JPG
6 may 2010

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində onun zəngin həyat və fəaliyyətinə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinə yekun vurulmuşdur.


Bu münasibətlə mayın 6-da “Gülüstan” Sarayında təşkil olunan mərasimdə üç mərhələdən ibarət müsabiqənin son mərhələsinə qatılan 96 şagird arasında ən yaxşı yazıların qaliblərinin adları elan edilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzülmüşdür.

 

Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun mərhələsinin nəticəsinə əsasən, 5 nəfər I yerə, 5 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülmüşlər.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin ən müxtəlif bölgələrindən olan qaliblərin Belçika Krallığına səfəri nəzərdə tutulur. Səfər çərçivəsində məktəblilər Hollandiya, Fransa və Almaniyada da olacaq, bu ölkələrin həyatı, tarixi-mədəni abidələri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər.

 

Tanınmış alimlərin, ali məktəb rektorlarının, Milli Məclis deputatlarının, ayrı-ayrı qurumların nümayəndələrinin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərin əbədiyaşar ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.


Ölkəmizdə təhsillə bağlı həyata keçirilən proqramların, layihələrin əhəmiyyətindən danışan nazir son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binası tikilərək istifadəyə verildiyini diqqətə çatdırmışdır.

 

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dahi rəhbər Heydər Əliyev siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin irsini öyrənmək insanlarda vətənpərvərlik hisslərinin və duyğularının, dövlətçilik təfəkkürünün formalaşmasına xidmət edir.

 

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan Ə.Əhmədov, eyni zamanda, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına uyğun olaraq ali məktəblərdə təhsil aldıqları müddətdə müvafiq inşa müsabiqəsinin qaliblərinin hər birinə YAP tərəfindən təqaüdlər verildiyini də xatırlatmışdır.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin gənclərə böyük diqqət və qayğısından danışmışdır.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, idman və digər sahələrdə uğurlu layihələr həyata keçirdiyini bildirmişdir. Qeyd etmişdir ki, təkcə “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində respublikamızda 300-dən çox məktəb binası tikilmiş və yeni avadanlıqla təmin olunmuşdur. Bir çox məktəblər, məktəbəqədər təhsil müəssisələri əsaslı təmir edilmişdir. A.Ələkbərov diqqətə çatdırmışdır ki, müsabiqənin qalibi olan 21 məktəbli Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə səfərdə olacaqdır.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə təhsilin inkişaf etdiyini vurğulamış, müsabiqənin əhəmiyyətini diqqətə çatdırmış, qalibləri təbrik etmişdir.

 

Sonra müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olunmuşdur.


FOTO