005.JPG
9 may 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin yay istirahət düşərgəsinin əsaslı təmirdən sonra açılışında iştirak edib

Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.


Birinci xanıma məlumat verildi ki, 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq yaşayır və tərbiyə olunur. 1989-cu ildən 1990-cı ilə qədər kimsəsiz uşaqlar yay fəslində uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən sağlamlıq zonasında dincəlirdilər. 1991-ci ildən sağlamlıq zonası yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini dayandırmışdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yay istirahət düşərgəsində yenidənqurma işləri 2010-cu ilin fevralında başlayıb. 120 yerlik dördmərtəbəli düşərgədə uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait yaradılıb. Burada uşaqlar kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılmışdır. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulmuşdur. Binanın dördüncü mərtəbəsində uşaqlar üçün maraqlı tədbirlərin keçirilməsi məqsədilə əlverişli şərait yaradılıb. Düşərgədə uşaqların idmanla məşğul olmaları üçün də hər cür şərait vardır. Burada futbol meydançası yaradılmış, hovuz tikilmişdir. Düşərgənin müxtəlif ağacların və dekorativ kolların əkildiyi həyətində müasir işıqlandırma sistemi qurulmuş, əyləncə guşələri yaradılmışdır. Yay istirahət düşərgəsinin binasında təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılmışdır.


Mehriban xanım Əliyeva 3 nömrəli uşaq evinin əməkdaşları və uşaqlarla görüşdü, yay istirahət düşərgəsinin hazır olması münasibətilə onları təbrik etdi. 


FOTO