01_fond-xachmaz-mekteb-achilishi.jpg
23 dekabr 2013

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası dekabrın 23-də istifadəyə verilib.

 

Məktəbin açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və kənd sakinlərinin iştirak ediblər.

 

Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, dövlətin təhsilə göstərdiyi qayğıdan danışıb. O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 350-dən artıq məktəbin inşa olunduğunu xatırladıb.

 

İkimərtəbəli təhsil ocağında kompyuter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb, məktəb ən müasir avadanlıqlarla təmin olunub. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün qazanxana və transformator yarımstansiyası qurulub.

 

Bütün tədris avadanlığı məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.

 

Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus verilib.


FOTO