15 sentyabr 2014

Bilik Günündə məktəblilərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub

Sentyabrın 15-də Azərbaycan məktəblərində Bilik Günü qeyd olunub. Bakının Nərimanov rayonunda bu münasibətlə keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının rəhbərliyi, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndəsi, məktəbin müəllim-şagird kollektivləri və valideynlər iştirak ediblər.

 

Məktəbin direktoru Namidar Hüseynquliyev ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

 

Sonda tədbirin keçirildiyi 5 nömrəli respublika internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – 80 şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 aztəminatlı şagirdə məktəbli forması təqdim edilib.

 

Sentyabrın 15-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində fəaliyyət göstərən Şuşa rayonunun 9 nömrəli orta məktəbində də Bilik Günü keçirilib. Burda da şagirdlərə Heydər Əliyev Fondunun hədiyyəsi olan məktəb ləvazimatları təqdim edilib.

 

Bilik Günündə Ağdaş rayonunun Aral-1 kəndində yeni inşa edilmiş orta məktəb binasının açılışı olub. Tədbirdə çıxış edənlər son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaşda yeni məktəb binalarının tikildiyini, mövcud binaların əsaslı təmir olunduğunu qeyd ediblər.

 

Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.