9.jpg
1 iyun 2015

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.


Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusunda olub.


110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi 2011-ci ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada uşaqların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir.


Uşaqlarla görüşən Mehriban Əliyeva onlarla söhbət edib, uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.


Sonra birinci xanım 172 nömrəli bağçada olub. 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. 2014-cü ilin avqust ayından isə bağçada Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpusun inşasına başlanıb və artıq onun tikintisi başa çatdırılıb. İndi bağçada 12 qrupda 230 uşaq tərbiyə alır.


FOTO

VİDEO