003.JPG
18 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin açılışında iştirak edib

Oktyabrın 18-də Bakının Xəzər Rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi istifadəyə verilmişdir. Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. 

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.

Əvvəlcə məktəbin tədris mərkəzinin foyesində yaradılmış fotostendə baxan Azərbaycanın birinci xanımı daha sonra burada yerləşən akt zalı, ümummilli lider Heydər Əliyevin şərəfinə yaradılmış muzey, xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri ilə tanış oldu. Mehriban xanım Əliyevaya məlumat verildi ki, bütün kabinetlər yeni və müasir avadanlıqla təchiz olunmuşdur. Azərbaycanın birinci xanımı tədris mərkəzinin təmirdən əvvəlki fotoşəkillərinə də baxdı. Bildirildi ki, məktəbdə gənclərin ibtidai hərbi hazırlığına da xüsusi diqqət yetiriləcəkdir.

Heydər Əliyev Fondu yeniyetmə və gənclərin təlim-tərbiyəsinə, inkişafına daim xüsusi qayğı göstərmişdir. Onların yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyəsi, vətənə və cəmiyyətə yararlı insan kimi yetişməsi Fondun prioritet istiqamətlərindəndir. 

Daha sonra məktəbdə fəaliyyət göstərəcək interaktiv atəş zalı ilə tanış olan Mehriban xanım Əliyevaya bildirildi ki, belə zal ilk dəfə məhz bu məktəbdə yaradılmışdır, burada gənclərə atəş açmaq öyrədiləcəkdir.

Mehriban xanım Əliyeva məktəbin həyətində inşa olunmuş peyntbol, atçılıq və futbol meydançalarına baxdı. Peyntbol meydançasında döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədiləcəkdir.

Məktəbin həyətində qızlar üçün ayrıca idman meydançası da vardır.

Xüsusi məktəbin yataqxana korpusu ilə tanış olan Mehriban xanım Əliyevaya buradakı qız və oğlanlar üçün ayrıca trenajor otaqları, Heydər Əliyev Fondu tərəfindən müxtəlif nəşrlərlə təmin olunmuş kitabxana, istirahət və yataq otaqları barədə də məlumat verildi.

Azərbaycanın birinci xanımı məktəbin yeməkxanasına da baş çəkdi. 


FOTO