14482991044074340643_1000x669.jpg
23 noyabr 2015

Şüvəlan qəsəbəsində 4 nömrəli xüsusi internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib

Noyabrın 23-də Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb.


FOTO

VİDEO