1455715432406705268_1000x669.jpg
17 fevral 2016

Gəncədə 39 nömrəli tam orta məktəbin binasının açılışı olub

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

 

Məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

 

Bina dördmərtəbəlidir. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

 

Məktəbin 1200 şagird yerlik yeni korpusu isə şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.

 

Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.

 

Hazırda məktəbdə 2138 şagird təhsil alır.

 

Qeyd edək ki, məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib.


FOTO

VİDEO