1.jpg
15 sentyabr 2023

Heydər Əliyev Fondu tərəfindən Ağcabədinin Poladlı kəndində inşa edilmiş məktəb binası istifadəyə verilib

Sentyabrın 15-də Heydər Əliyev Fondu tərəfindən Ağcabədi rayonu Poladlı kənd tam orta məktəbi üçün inşa edilmiş 300 şagird yerlik məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Qarabağ Regional Təhsil İdarəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıblar. Bildirilib ki, 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

 

Məlumat verilib ki, 1988-ci ildə inşa olunmuş Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbi keyfiyyətli tədris üçün yararsız vəziyyətdə olduğundan yeni təhsil ocağının inşasına qərar verilmişdi. Yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən 300 şagird yerlik yeni məktəb inşa olunub. İkimərtəbəli 3 korpusdan ibarət olan yeni təhsil müəssisəsində 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Bütün otaqlar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. Heydər Əliyev Fondunun Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.

 

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və valideynlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

 

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 2023-2024-cü tədris ilində təhsil müəssisəsində 344 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 34 nəfər pedaqoji işçi çalışır.


FOTO