01.jpg
15 sentyabr 2023

Heydər Əliyev Fondu Saatlının Qaracalar kəndində yeni məktəb binası inşa edib

Saatlı rayon Qaracalar kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası Bilik Günündə istifadəyə verilib.

 

Məktəbin açılış tədbirində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun 2023-2024-cü tədris ili üçün təhsil sahəsində reallaşdırdığı növbəti layihəsinin ünvanı Saatlı rayonunun Qaracalar kəndidir. Burada Fond tərəfindən 360 şagird yerlik yeni məktəb binası tikilib.

 

Üçmərtəbəli və 2 korpuslu bu təhsil ocağı da, digərləri kimi, zəruri mebel və avadanlıqlarla təmin edilib, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

 

Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində nümunəvi vətəndaşa çevirir. Hər bir insanın təhsilinin əsası isə məktəbəqədər təhsil müəssisəsində və orta məktəbdə qoyulur. Elə məhz bu səbəbdən də Heydər Əliyev Fondu ölkədə bu sahənin inkişafına hərtərəfli dəstəyini göstərməklə, hər il onlarla təhsil ocağını inşa və ya əsaslı bərpa edərək istifadəyə verir.

 

Saatlı rayonunun Qaracalar kənd məktəbi də Fondun həyata keçirdiyi təhsil layihələri sırasındadır.

 

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq işləri görülüb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.

 

Çıxışlardan sonra Bilik Günü zəngi səslənib, məktəb binası ilə tanışlıq olub.


FOTO