01_FOND-TOVUZ-MAKTAB.jpg
19 sentyabr 2023

Tovuzun Aşağı Öysüzlü kəndində yeni məktəb binası inşa olunub

Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki A.Hüseynov adına tam orta məktəb 1930- cu ildə inşa olunduğundan istifadəyə artıq yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 2023-2024-cü tədris ilində Aşağı Öysüzlü kəndi üçün 360 şagird yerlik yeni məktəb binasını inşa edərək istifadəyə verib.

 

Üç mərtəbəli məktəb 3 korpusdan ibarətdir. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar Heydər Əliyev Fondunun “Təhsilə dəstək” proqramı çərçivəsində əyani vəsaitlərlə tam təchiz edilib.

 

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları tikilərək və ya əsaslı bərpa edilərək istifadəyə verilir. Bu baxımdan 2023-2024-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı, Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir.

 

Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib.

 

Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.


FOTO