7 mart 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş rayonunda bir neçə məktəb binası tikilib və əsaslı təmir olunub

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana-yeni məktəb!” proqramına uyğun olaraq son illər Ağdaş rayonunda ümumtəhsil məktəbləri üçün yeni binaların inşası və əsaslı təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.


Ötən 3 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Pirkəkə kənd məktəbi və Habil Əliyev adına musiqi məktəbi üçün yeni binalar tikilmiş, M.Şeyxzadə adına gimnaziya əsaslı təmir edilmişdir. Bundan əlavə dövlət vəsaiti hesabına rayonun Kotavan, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmiş, M.İsayev adına lisey, şəhər 3 saylı və Ləki qəsəbəsindəki 6 saylı məktəb binaları əsaslı təmir olunmuşdur. Həmçinin, şəhər 3 saylı orta, Güvəkənd, Dəhnəxəlil, Mürsəl, Yuxarı Ləki kənd tam orta, Yenikənd və Nehrəxəlil kənd ümumi orta məktəbləri üçün 840 şagird yerlik 42 əlavə sinif otağı tikilmiş, 13 ümumtəhsil məktəbində müasir istilik sistemləri quraşdırılmışdır.

 

Bu günədək rayonun təhsil müəssisələrinə 480 kompyuter verilmiş, 15 ümumtəhsil məktəbində kompyuterlərin internetə bağlantısı təmin edilmişdir. Rayonun ümumtəhsil məktəblərindən ali və orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2003-cü illə müqayisədə 5 dəfə artmışdır. 2010-cu ildə rayonda məktəblərin ümumi orta təhsil pilləsini bitirmiş 1.446 məzundan 271-i orta ixtisas məktəblərinə, tam orta təhsil pilləsini bitirmiş 790 məzundan 400-ü qəbul imtahanlarında iştirak etmiş, onların 201-i (42,8 faiz) ali məktəblərə qəbul olunmuşdur.