28 mart 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə son 7 ildə Qəbələdə 22 yeni məktəb binası tikilib, 7-si əsaslı təmir edilib

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramına uyğun olaraq ötən 7 il ərzində Qəbələnin 22 kəndində yeni məktəb binası tikilmiş, şəhər 1 və 4 nömrəli, Çuxur Qəbələ, Nic qəsəbə 4 saylı, Zalam, Böyük Pirəlli və Çarxana kənd məktəbləri əsaslı təmir edilmiş, təhsil ocaqları ən müasir avadanlıqla təchiz edilmişdir.


Hazırda Nic qəsəbəsində 3 saylı məktəb üçün dövlət vəsaiti hesabına 360 yerlik, Heydər Əliyev Fondunun dəstəyi ilə 2 saylı məktəb üçün 400 yerlik yeni binaların inşası davam etdirilir. Rayonun 24 məktəbi qazanxanalar vasitəsilə qızdırılır. Rayonun 40 məktəbində kompyuter kabineti yaradılmışdır. Qəbələ məktəbliləri ümumilikdə 450 kompyuterdən istifadə edir və rayonda hər 25 şagirdə 1 kompyuter düşür. Hazırda rayonun məktəblərində çalışan pedaqoji işçilərin 77 faizi ali təhsillidir.