0.jpg
5 aprel 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun təşəbbüsü ilə Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olmuşdur. 


2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulmuşdur. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlamışdır. Fondun dəstəyi ilə burada təmir və abadlıq işləri aparılmış, müasir avadanlıqla, kompyuterlərlə təmin olunmuşdur. Fondun uşaq evinə növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olmuşdur. Əsas korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək səviyyədə təmir olunmuş, həyətdəki əyləncə və idman meydançaları təzələnmişdir. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompyuterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilmişdir.


Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olmuş, balacaların təhsildəki ilk addımları ilə maraqlanmışdır. Mehriban xanım müəssisənin daha nəyə ehtiyac olduğunu da soruşmuşdur. Azərbaycanın birinci xanımına bildirilmişdir ki, uşaq evinin yeni korpusa ehtiyacı vardır. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramına (2006-2015-ci illər)” uyğun olaraq, Xəzər və Suraxanı rayonları pilot rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilməyə başlayan pilot layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, əlil ailələrin övladlarının günərzi qayğı mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalacaqlar. Onlar məktəblərə aparılacaq və gətiriləcək, mərkəzdə gün ərzində qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.


Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətlə də maraqlanmışdır.


Mehriban xanım Fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə etmişdir.


FOTO