002.JPG
13 sentyabr 2012

Buzovna qəsəbəsində əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.

 

Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Məlumat verildi ki, bu təhsil ocağı 1962-ci ildən fəaliyyət göstərir. İndiyədək məktəbin binasında əsaslı təmir işləri aparılmamışdı. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılıb. Ümumi sahəsi dörd hektar olan və 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən – tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır. Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilib. Stadionda uşaqlar idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər. Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılıb.

 

Fondun prezidenti yataqxana korpusu ilə də tanış oldu. Üçmərtəbəli binada geniş və işıqlı yeməkxana, yuxarı mərtəbələrdə isə 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin həkim kabineti vardır. Binada valideynlərin istirahəti və gecələməsi üçün şərait yaradılıb.

 

Birinci xanım görülmüş işlərdən razılığını bildirdi.



FOTO