001.JPG
14 sentyabr 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Buzovna qəsəbəsində 5 nömrəli texniki peşə məktəbinin açılışında iştirak edib

Sentyabrın 14-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva mərasimdə iştirak edib.


Birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Mehriban Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxdı. Məlumat verildi ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil vermişdir. Yenidənqurmadan sonra məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotelemontajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaqdır.

 

Burada təhsil ikiillikdir. Bu il məktəbə ilk qəbul aparılıb və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-ə çatacaqdır. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcəklər.

 

Məktəbin yeməkxanası ilə tanış olan Mehriban Əliyeva burada yaradılmış şəraitdən razılığını bildirdi. Sonra birinci xanım məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxdı. Məlumat verildi ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.

 

Mehriban Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış oldu. Kitabxana ilə tanışlıq zamanı bildirildi ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də vardır.

 

Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib.

 

Mehriban Əliyeva məktəbdə yaradılan şəraitdən razılığını bildirdi, burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd etdi.



FOTO