002.JPG
14 sentyabr 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Binə qəsəbəsində 326 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Sentyabrın 14-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş 326 nömrəli tam orta məktəbin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.

 

Mehriban Əliyeva 2010-cu ildə təməlini qoyduğu məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, tam orta məktəb binası 880 şagird yerlikdir. Müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 44 sinif otağı, bundan əlavə fənn kabinetləri və laboratoriyalar, kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana, 200 yerlik akt zalı vardır. Üçüncü mərtəbədəki ibtidai hərbi hazırlıq, məktəbdənkənar tərbiyə otağı, laboratoriyalar və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılıb. Məktəbdə Azərbaycanda ilk dəfə olaraq elektron məlumat lövhəsi quraşdırılıb. Digər özəlliklərdən biri də ibtidai və yuxarı sinif şagirdlərinin məktəbdə fərqli korpuslarda təhsil almalarıdır. Həmçinin bu il birinci sinfə gedəcək körpələrə Fond tərəfindən çanta hədiyyə olunub.

 

Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı təmin edilib. Şagirdlərin düzgün və vaxtında qidalanmaları üçün 60 yerlik yeməkxana vardır. Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılıb. Burada həmçinin futbol, voleybol, basketbol meydançaları da tikilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş yeni məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla yanaşı, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin edəcəkdir.



FOTO