02.jpg
19 sentyabr 2012

Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib

Sentyabrın 18-də Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş, 2012-ci ildə isə yenidən əsaslı təmir olunmuş Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib.


Mərasimdə Pakistanın təhsil naziri Sadiq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.


Açılış mərasimindən sonra tədbir iştirakçıları məktəbin ərazisi, sinif otaqları, kitabxanası, laboratoriyası ilə tanış oldu, burada yaradılmış şəraitdən məmnunluq ifadə edildi.


Səfir Daşqın Şikarov Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verdi, adıçəkilən məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırdı.


Səfir həmçinin, məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da bildirdi.


Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu xatırlatdı və təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500-nəfərlik müasir məktəbin inşa olunduğunu vurğuladı. Sadiq Dar görülən işlərə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımının Pakistan xalqına, xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Sadiq Dar Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı iştirakçıların diqqətinə çatdırdı.


Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompyuter hədiyyə edildi.


FOTO