02.jpg
3 iyul 2008

Rusiya Prezidenti Dmitri Medvedev Heydər Əliyev Fondunda olub

Rusiya Prezidenti Dmitri Medvedev iyulun 3-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Rusiyanın dövlət başçısını səmimiyyətlə qarşıladılar.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

Rusiya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Dmitri Medvedev Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Rusiya Prezidentinə hədiyyə təqdim olundu.

 

Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldı.


FOTO