006.JPG
9 iyul 2008

Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti iyulun 9-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi.

 

Nümayəndə heyətinin üzvləri ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli liderimiz dost Pakistanla əlaqələrin inkişafına hər zaman böyük diqqət göstərmişdir.

 

Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlara Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsü ilə bu ilin fevralında Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün məktəb binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi həmin məktəb binası “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.

 

Nümayəndə heyətinin rəhbəri Müşahid Hüseyn Səid Fondun Xatirə kitabına ürək sözlərini yazdı.

 

Qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə olundu.

 

Pakistan nümayəndə heyətinin üzvləri Fonddan xoş və zəngin təəssüratla ayrıldılar. 


FOTO