002.jpg
15 sentyabr 2008

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bilik günü”ndə bir sıra təlim-tərbiyə ocaqları istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 15-də Bilik günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları istifadəyə verilmişdir.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına uşaq bağçasının açılışında iştirak etmişdir.

 

Burada Azərbaycanın birinci xanımını uşaqlar gül-çiçəklə qarşıladılar.

 

Mehriban xanım Əliyeva bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə baxdı. O, rəmzi açılışı bildirən lenti kəsdikdən sonra bağçada akademik Zərifə xanım Əliyevanın büstünü açdı, onun önünə gül dəstələri düzdü.

 

Uşaq bağçasının yenidən qurulmasına bu ilin əvvəlində başlanılmışdı. Bina tam yararsız vəziyyətdə olduğundan sökülərək yenidən tikilmişdir. Ən müasir standartlara malik bağça 3 yaşdan 6 yaşadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Foyedə ümummilli lider Heydər Əliyevin və Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər qoyulmuşdur.

 

Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın sirlərini də öyrənəcəklər.

 

Mehriban xanım Əliyeva gimnastika salonunda balacaların çıxışlarını izlədi, onlarla səmimi söhbət etdi, uğurlar arzuladı.

 

Daha sonra Mehriban xanım bağçanın qrup, yataq otaqları, oyun zalları, hovuzu, müasir üslubda yeməkxanası ilə tanış oldu.

 

Böyük mərasimlər üçün nəzərdə tutulan salonda iri formatlı monitor, səs və görüntü üçün xüsusi avadanlıq qoyulmuşdur.

 

Binada mərkəzləşdirilmiş təhlükəsizlik və istilik sistemləri quraşdırılmışdır. Həyətyanı sahədə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi üçün xüsusi meydança yaradılmışdır.

 

Mehriban xanım Əliyeva otaqların təzə avadanlıqla təchiz edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi.

 

Elə həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbin təmirdən sonra açılışı olmuşdur.

 

Məktəbin direktoru Sədaqət Əzimova bildirmişdir ki, təmirdən əvvəl məktəbdə 1200 nəfərdən artıq şagird dörd növbədə oxuyurdu. İndi isə uşaqlar bir növbədə təhsil alacaqlar. Fondun təşəbbüsü ilə məktəbin birinci sinif şagirdlərinə çantalar və 16 adda müxtəlif ləvazimat paylanılmışdır.

 

Məktəbə ən böyük hədiyyə isə süni örtüklü futbol meydançasının açılışı olmuşdur. Burada nümunəvi məşqlər edən Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandası məktəbə 50 futbol topu və idman geyimləri hədiyyə etmişdir.

 

Sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ələt qəsəbəsindəki 105 nömrəli əsas məktəbin də yenidən qurulmuş binasının açılışı olmuşdur. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən qurulan məktəb 250 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbin fizika, biologiya, xarici dil kabinetləri, kompyuter otağı, geniş idman salonu vardır.


FOTO