1.jpg
10 oktyabr 2008

Qala qəsəbəsində uşaq bağçasının yeni binası istifadəyə verilib

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.


Mərasimə gələn Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı burada gül-çiçəklə qarşıladılar.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda, o cümlədən Qala qəsəbəsində geniş abadlıq və quruculuq işləri aparılır.

 

Qəsəbədə fəaliyyət göstərən yeganə uşaq bağçası çox köhnə və tam yararsız vəziyyətdə olan binada yerləşirdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçası üçün yeni 100 yerlik bina tikilmişdir. İndi müasir tələblərə tam cavab verən yeni binada uşaqlar üçün hər cür şərait yaradılmışdır. Buraya gələn balacalar bağçanın astanasından sanki nağıllar dünyasına düşürlər. Həyətdə dekorativ gül və ağac kolları əkilmiş, uşaq meydançasında gözəl oturacaqlar və yelləncəklər qurulmuşdur. Otaqlardakı yaraşıqlı mebel, müxtəlif oyuncaqlar, rəngbərəng kitablar göz oxşayır. Divarlardan balacaların sevimli nağıl qəhrəmanlarının şəkilləri asılmışdır. Yataq otaqları da zövqlə tərtib olunmuşdur. Binanın mərkəzləşdirilmiş istilik sistemi də vardır.

 

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdilər, əvvəlcə foyedə ümummilli lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendə baxdılar. Sonra otaqları gəzdilər, balacalar üçün yaradılan şəraitlə maraqlandılar. Bildirildi ki, bağçada mərkəzləşdirilmiş nəzarət sistemi qurulmuşdur, müşahidə kameraları vasitəsilə bağçanın hər bir nöqtəsi izlənilir, balacaların təhlükəsizliyi təmin edilir. Bu bağçanı digərlərindən yeni layihə əsasında inşa olunması fərqləndirir. İdman otağı uşaqlarda kiçik yaşlarından idmana həvəs oyadacaq, onların fiziki sağlamlıqlarının möhkəmlənməsinə kömək edəcəkdir. Yeməkxana və mətbəx də müasir avadanlıqla təchiz edilmişdir. Uşaqların təlim-tərbiyəsi ilə peşəkar tərbiyəçilər və müəllimlər məşğul olacaqlar.

 

Prezident İlham Əliyev və xanımı uşaq bağçasında yaradılan şəraitdən məmnunluqlarını bildirdilər.


FOTO