QEBUL 2.JPG
25 sentyabr 2008

Azərbaycan qadınlarının III qurultayında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici qonaqlar Heydər Əliyev Fondunda olublar

Azərbaycan qadınlarının III qurultayında iştirak etmək üçün Türkiyə, Rusiya, Küveyt, İordaniya və Litvadan gəlmiş qonaqlar sentyabrın 25-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verildi. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

 

Xarici qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətinə dair filmə baxdılar.

 

X X X

 

Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qonaqlarla görüşdü.

 

MEHRİBAN ƏLİYEVA qonaqlara müraciətlə dedi:

 

 - Hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən salamlayıram. Heydər Əliyev Fonduna xoş gəlmisiniz.

 

İlk növbədə, qadınların qurultayında iştirak etmək üçün bizim dəvətimizi qəbul edib Azərbaycana gəldiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, qurultay çox səmərəli keçəcək və onun nəticələri bir tərəfdən, ölkəmizdə qadınların daha fəal olmasına xidmət edəcək, digər tərəfdən, bu sahədəki problemlərin həllinə öz töhfəsini verəcəkdir.

 

İndi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Yəqin siz bilirsiniz ki, iqtisadi artıma görə dörd ildir Azərbaycan dünyada lider ölkədir. Bu inkişaf bizim cəmiyyətimizin, həyatımızın, demək olar ki, hər bir sahəsində özünü göstərir. İstər təhsil, istər mədəniyyət, istər səhiyyə - hər bir sahədə böyük dirçəliş var, böyük yeniləşmələr gedir. Yəqin sizin Bakını gəzməyə imkanınız olacaq və görəcəksiniz ki, Bakıda nə qədər çox yeni tikintilər gedir, yeni yollar çəkilir. Eyni zamanda, bütün tarixi binalar bərpa edilir. Eyni inkişaf Azərbaycanın bütün regionlarında da müşahidə olunur.

 

Bu gün Azərbaycanda sosial problemlərin həllinə çox böyük diqqətlə yanaşılır. Təhsil dövlətin siyasətinin ən prioritet istiqamətlərindən biridir. Ölkəmizdə son illərdə 1300 yeni məktəb inşa olunmuşdur. Bütün bu məktəblər ən müasir avadanlıqla, kompyuterlərlə təmin edilmişdir. Son beş ildə ölkəmizdə 700 mindən çox yeni iş yeri açılmışdır. Bu da işsizlik problemini demək olar ki, aradan qaldırıbdır. Bir sözlə, bu gün ölkəmizdə həyatın bütün sahələrində inkişaf gedir, yeniləşmə gedir və mən qeyd etmək istəyirəm ki, bütün bu nailiyyətlərdə Azərbaycan qadının da böyük rolu, böyük xidməti var.

 

Tarix boyu Azərbaycanda bizim ana dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin, dinimizin, milli dəyərlərimizin qorunub saxlanmasında Azərbaycan qadınının misilsiz rolu olmuşdur. XX əsri Azərbaycanda qadınların həyatında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək olar. Çünki bu əsrin əvvəlindən, demək olar ki, Azərbaycan qadınları ölkəmizin ictimai və siyasi həyatının bütün sahələrində çox fəal iştirak etməyə başlamışlar. Müsəlman Şərqində ilk demokratik parlament respublikası 1918-ci ildə Azərbaycanda qurulmuşdu və o, Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ vermişdi. Yəni Azərbaycan qadını bu hüququ bir çox Qərb ölkələrinin qadınlarından bir neçə il əvvəl əldə etmişdi. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bizim qadınlarımızın qarşısında bütün imkanlar açıldı və demək olar ki, onlar bu imkanlardan tam şəkildə istifadə edirlər.


2006-cı ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı və bu komitə məhz qadınların problemləri, onlara aid olan məsələlərin həlli ilə məşğul olur, yəni dövlət tərəfindən də bu sahəyə çox böyük diqqət var.

 

X X X

 

Mehriban xanım Əliyeva cəmiyyətimizdə qadınların rolunun genişləndirilməsi istiqamətində görülən işlər, qadınların ölkəmizin həyatında fəal iştirakı barədə də ətraflı məlumat verdi.

 

Görüşdə iştirak edən xarici qonaqlar Azərbaycana səfərdən məmnunluqlarını bildirdilər və göstərilən qonaqpərvərliyə görə təşəkkür etdilər. 


FOTO