QEBUL 1.JPG
25 sentyabr 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Svetlana Orlova və Moskva merinin birinci müavini Lyudmila Şvetsova ilə görüşüb

Sentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan qadınlarının III qurultayında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Svetlana Orlova və Moskva merinin birinci müavini Lyudmila Şvetsova ilə görüşmüşdür.

 

Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva qurultayda iştiraka dair dəvəti qəbul edib Azərbaycana gəldikləri üçün onlara təşəkkür etdi. O, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə hörmətli qonaqlara məlumat verərək dedi ki, qurumun əsas məqsədləri Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr hazırlayıb Azərbaycanda və xaricdə həyata keçirir. Uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin tikintisi, əlil uşaqlarda informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği istiqamətində görülmüş işlərdən danışan Mehriban xanım bildirdi ki, ötən müddətdə Fond tərəfindən respublikamızda müasir tələblərə cavab verən yüzlərlə məktəb binası tikilib istifadəyə verilmişdir. Bunların çoxu ən ucqar dağ kəndlərindədir.

 

Hazırda Bakıda xalqımızın qədim musiqi sənəti olan muğamın təbliğinə xidmət edəcək Beynəlxalq Muğam Mərkəzinin, talassemiyalı xəstələrin müayinə və müalicəsi mərkəzinin tikilməkdə olduğu da vurğulandı.

 

Svetlana Orlova və Lyudmila Şvetsova yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkür etdilər.

 

Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən qonaqlar Azərbaycanın birinci xanımı ilə görüşdən xoş və zəngin təəssürat aldıqlarını vurğuladılar.


FOTO