001.JPG
26 sentyabr 2008

Heydər Əliyev Fondu və Azərbaycandakı katolik dini icması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Sentyabrın 26-da Heydər Əliyev Fondu və Azərbaycandakı katolik dini icması arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 

Bu münasibətlə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla ilə görüşmüşdür.

 

Qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım xalqımızın tolerantlığından söhbət açaraq xüsusi vurğuladı ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar. Azərbaycanda insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir.

 

Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verdiyini bildirən Mehriban Əliyeva dedi ki, Fondun “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində kilsənin yenidən qurulması, yəhudi uşaqlar üçün təhsil kompleksinin inşası həyata keçirilir.


Katolik məzhəbinin Azərbaycanda qədim tarixi olduğunu deyən Fondun prezidenti 2002-ci ildə Roma Papası II İoann Pavel ölkəmzidə səfərdə olarkən Bakıda katolik kilsəsinin tikilməsi barədə qərar qəbul edildiyini, artıq həmin kilsənin fəaliyyət göstərdiyini vurğuladı.

 

Mehriban xanım imzalanacaq memorandumun Heydər Əliyev Fondu ilə Katolik dini icması arasındakı əlaqələrdə yeni mərhələ olacağına əminliyini söylədi.

 

Heydər Əliyev Fondu ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla Azərbaycandakı tolerantlığın yüksək səviyyəsini, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşamasını xüsusi vurğuladı.

 

Yan Çapla Azərbaycanda digər millətlərə və dinlərə olan münasibəti yüksək qiymətləndirərək, bu tolerantlığın Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu, ölkə Prezidentinin fəaliyyətində də bu məqamın aydın göründüyünü bildirdi.

 

Sonra Mehriban xanım Əliyeva və Yan Çapla Heydər Əliyev Fondu və Azərbaycandakı Roma katolik dini icması arasında əməkdaşlıq memorandumu imzaladılar.

 

Sənədə əsasən, tərəflər müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələri gerçəkləşdirəcək, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər.

 

Bu sahədə artıq ilk addımlar atılmaqdadır. İlkin əməkdaşlıq Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulmasını nəzərdə tutur.


FOTO