img_2725_slide2.jpg
6 sentyabr 2011

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Kanadada büstü qoyulub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO–nun və ISESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanımın abidəsi elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri çox böyük uğurla keçmiş, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olmuş, akademik, Niaqaranın xoşməramlı səfiri, Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilmişdir. 


Tədbirin əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev AzərTAc-a bildirmişdir ki, Kanada parlamentinin deputatı Monte Kvinter Mehriban xanım Əliyevanın Ömər Eldarov tərəfindən hazırlanmış “İlahi Muza – Azərbaycan muğamının hamisi” adlı heykəltəraşlıq portretini “zəmanəmizin təsviri sənət şedevri” adlandırmışdır.


Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Beynəlxalq Niaqara Festivalı çərçivəsində keçirilmişdir. Festivalın bədii rəhbəri Atis Bankas demişdir ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.


“Biz, Kanada musiqi mədəniyyətinin nümayəndələri və Niaqaranın dövlət rəsmiləri Azərbaycan muğamının böyük pərəstişkarları və sərrafları kimi belə hesab edirik ki, Kanadada, onun Niaqara kimi nadir təbii və coğrafi regionunda Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin sonunda gözəl bir təsviri sənət nümunəsinin, Azərbaycan muğamının hamisi olan İlahi Muzanın heykəlini özümüz üçün kəşf etdik. Biz bunu mühüm tarixi hadisə hesab edirik” – deyən Atis Bankas onu da bildirmişdir ki, Ömər Eldarovun bu görkəmli heykəltəraşlıq əsəri “böyük ustalığa və bədii kamilliyə görə” XII Beynəlxalq Niaqara festivalının Qran-prisinə layiq görülmüşdür.


Kanadalı təsviri sənət biliciləri bu sərgidə Azərbaycan musiqi sənətinin böyük dühaları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Əminə Dilbazi, Müslüm Maqomayev və başqalarının heykəltəraşlıq obrazları ilə daha yaxından tanış olmaq imkanı əldə etmişlər. Görkəmli heykəltəraş Ömər Eldarov bu əsərləri qranit, mərmər və tuncdan böyük ustalıqla və bədii təsir qüvvəsi ilə yaratmışdır. Kanadanın tələbkar ekspertləri Ömər Eldarovu “Şərqin Mikelancelosu” adlandırmışlar. Heykəltəraşlıq portretləri sərgisində bütün türk dünyasının iki lideri – Heydər Əliyev və Atatürkün möhtəşəm portretləri xüsusi yer tuturdu.


Ömər Eldarovun sərgisi başa çatandan sonra muğam studiyasında Azərbaycan sənətçiləri Ramiz Quliyevin, habelə Ehtiram Hüseynov, Sahib Paşazadə və Cefri Verbaxın muğam triosunun konserti olmuşdur. Onlar Azərbaycan xalq mahnılarını, muğamlarından seçmə nümunələri əsl yaradıcılıq fədakarlığı ilə ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqiçilərinin böyük ustalığına, xalq musiqisi nümunələrinin mükəmməlliyinə heyran olduqlarını bir daha bildirmişlər.


Kanadanın mədəni ictimaiyyəti tərəfindən Azərbaycan simfonik musiqisinə və muğamına, təsviri incəsənət və heykəltəraşlıq nümunələrinə çox böyük marağı Şimali Amerika qitəsində Azərbaycan incəsənətinin çox populyar və tamaşaçı ehtiyacı duyulan olmasına, dünya mədəni irsinin qiymətli xəzinəsi kimi Azərbaycan mədəniyyətinin bütün dünyada tanınmasına daha bir parlaq sübut oldu. Beynəlxalq Niaqara Musiqi festivalı çərçivəsində Kanadada keçirilmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqara Beynəlxalq festivalının rəhbərləri – Toronto Kral Konservatoriyasının professoru Atis Bankas və “İpək yolu” Niaqara kamera orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıyev tərəfindən Avropa İttifaqının mədəniyyət departamentinin dəstəyi ilə həyata keçirilən qlobal qitələrarası “Dünyanın Qızılgülü” mədəni layihəsinin tərkib hissəsi oldu.


Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri 2008-ci ildə Niaqaranın ən fəxri guşəsində - Niaqara meriyasının Court House memorial zalında xalqımızın ulu öndəri Heydər Əliyevə ucaldılmış büstün önünə tər çiçəklər qoyulması mərasimi ilə başlanmışdır.


Mədəniyyət və incəsənət günlərinin təşkilatçılarından biri - İsmayıl Hacıyev demişdir: “Heydər Əliyev bizim üçün təkcə XX əsrin böyük dövlət və siyasi xadimi deyil, həm də ümumbəşəri mədəni birliyin ən parlaq rəmzidir. Şərqin və Qərbin görkəmli mədəniyyət nümayəndələri Heydər Əliyevin dostları və həmməsləkləri olmuşlar. Heydər Əliyev XX əsrin nəhəng siyasi xadimləri arasında yer üzündə ümumi sülhün bərqərar olması naminə Şərq ilə Qərb arasında permanent mədəni dialoq yaradılmasına çox böyük töhfə vermişdir”.


Niaqaranın qubernatoru Geri Borrou demişdir: “Azərbaycan musiqisi, onun təsviri sənəti, nadir qədim muğam minlərlə Kanada və Amerika sakininin, Niaqara festivalının iştirakçıları olan dünya ölkələrinin çoxunu təmsil edən görkəmli musiqiçilərin qəlbini öz bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə fəlsəfi məzmununun dərinliyi ilə fəth etmişdir. Burada Şərq və Qərb sivilizasiyalarının böyük mədəni ənənələri və nailiyyətləri nadir harmonik sintez şəklində bir-birini tamamlayır və qarşılıqlı surətdə zənginləşir. Buna görə də biz hesab edirik ki, bütövlükdə Azərbaycan mədəniyyətinin hərəkət və inkişaf etdiyi yol xalqlar arasında qarşılıqlı anlaşmaya, bəşəriyyətin bütün rəngarəng mədəni irsinin qorunub saxlanmasına və artırılmasına doğru aparan optimal yoldur”.


Tələbkar və yüksək zövqlü niaqaralı tamaşaçılar, festivalın ali rütbəli qonaqları – siyasətçilər, parlament üzvləri, mədəniyyət xadimləri, Kanadanın, ABŞ-ın və digər ölkələrin görkəmli müasir musiqiçiləri konsert proqramının hər bir musiqi nömrəsini aşkar heyranlıqla və gurultulu alqışlarla qarşılayır, “bis”, “bravo” sözləri ilə öz hisslərini ifadə edirdilər. Konsertdə Üzeyir Hacıbəyli, Volfqanq Amadey Motsart, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Həsən Rzayev, Vaqif Mustafazadə, Firəngiz Əlizadənin əsərləri təqdim edilmişdir. Bu konsertdə dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun şagirdi, istedadlı gənc Azərbaycan bəstəkarı Kərəm Əkbərovun “Qəbələ” simfonik süitasının premyerası olmuşdur.


Niaqarada beynəlxalq Azərbaycan muğamı studiyasının direktoru, Kanada və ABŞ universitetlərinin professoru Riçard Osborn Kanada televiziyasına müsahibəsində demişdir: “Niaqarada Beynəlxalq Azərbaycan Muğamı Günü bu dəfə də çox uğurlu oldu! Bu tədbir təkcə kanadalı dinləyicilərin deyil, dünyanın bir sıra ölkələrindən Niaqara festivalına gəlmiş çoxsaylı qonaqların hamısının qəlbini fəth etmişdir. Axı, Azərbaycan muğamı bu ulu Tanrının böyük vergisidir. O, hər bir insanın qəlbinə yol tapır, çünki onda elə bir kosmik potensiya, elə böyük sirr vardır ki, dünya durduqca insanlar bu sirri öyrənməyə çalışacaqlar”.


Kanadada Azərbaycan günlərinə həsr edilmiş bütün mədəni tədbirlərin sonunda Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Milli Məclisin deputatları Arif Rəhimzadə və Elmira Axundova çıxış edərək Niaqara festivalının bədii rəhbəri Atis Bankasın şəxsində festivalın rəhbərliyinə, Niaqara regionunun qubernatoru Lord Geri Borrouya, Niagara on the Lake şəhərinin meri David İkə, Kanada parlamentinin deputatı Monte Kvinterə Kanadada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin uğurla keçirilməsinə göstərdikləri köməyə və fəal dəstəyə, habelə onların Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinə göstərdikləri səmimiyyətə görə təşəkkürlərini bildirmişlər.


Bütün Niaqara regionunun qubernatoru Lord Geri Borrou cavab sözündə demişdir: “Kanadada çox böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri elə bir mühüm faktı inandırıcı şəkildə təsdiq etdi ki, Şərq və Qərb sivilizasiyalarının mədəni nailiyyətləri uğurla sintez etmiş Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində bu gün Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilmişdir”.


O, Kanada ilə Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin daha da dərinləşməsini və hərtərəfli genişlənməsini arzu edərək bildirmişdir ki, Niaqara regionunun qubernatoru kimi Azərbaycanın musiqi sənətinin və mədəniyyətinin Kanadada və bütün Şimali Amerika qitəsində təbliğ edilməsi üçün zəruri şərait yaratmaq məqsədilə nə lazımdırsa edəcəkdir.


FOTO