DSCN6304.jpg
22 iyun 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rumıniyanın Kluj-Napoka şəhərində “Şərq və Qərb arasında dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi sayəsində iyunun 17-18-də Rumıniyanın təhsil mərkəzi Kluj-Napoka şəhərində "Şərq və Qərb arasında dialoq" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.


Bir sıra ölkələrin şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının, siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, deputatlar Gültəkin Hacıbəyli, Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri iştirak etmişlər.

 

Konfransın açılış mərasimində Rumıniya Prezidentinin müşaviri P.Kovaks, Rumıniya parlamenti təhsil komissiyası sədrinin müavini K.İosif, Ruminiya mədəniyyət və milli irs nazirinin müavini V.Timiş və Azərbaycanın Rumıniyadakı səfiri E.Həsənov çıxış etmişlər.

 

Daha sonra Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu ilə Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu memorandum yeni yaradılmış Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun ilk ikitərəfli əməkdaşlıq sənədidir. Memorandumda iki institut arasında birgə elmi tədqiqatlar və onların nəşri, türk və Mərkəzi Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alimlərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onların ixtisas kurslarında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpoziumların təşkili və bir sıra digər əməkdaşlıq sahələri əksini tapmışdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan dövləti adından maddi yardımın göstərilməsi konfransda açıqlanmış və ayrılmış vəsaitin çekini səfir E.Həsənov institutun direktoru T.Cəmilə təqdim etmişdir. Azərbaycan dövlətinin instituta hərtərəfli dəstəyini tədbir iştirakçıları yüksək qiymətləndirmiş və alqışlamışlar. İnstitutda fəaliyyət göstərən Avropada ilk azərbaycanşünaslıq bölməsinin də vacibliyi diqqətə çatdırılmış, səmərəli fəaliyyətinə əminlik ifadə edilmişdir.

 

Mərkəzi və Şərqi Avropada yeganə olan və yeni fəaliyyətə başlamış institut türk irsinin, mədəniyyətinin, dilinin, incəsənətinin öyrənilməsi və təbliğ olunmasına, eyni zamanda Rumıniyada və türkdilli ölkələrdə yaşayan xalqlar arasında əlaqələrin daha da yaxınlaşması və möhkəmlənməsinə səy göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış ali təhsil müəssisəsində ilk dəfə azərbaycanşünaslığın tədris və təbliğ olunması böyük əhəmiyyət kəsb edir.

 

Konfransda həmçinin, Rumıniyada təhsil almış və elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş üç azərbaycanlı gənc - İqbal Hacıyev, Fəxri Kərimli və Həmzə Kərimovun kitablarının təqdimatı keçirilmişdir.

 

Tədbirdə "Şərq-Qərb qarşılıqlı əlaqəsində tarixdən ibrətlər", "Şərq və Qərb arasında dialoq üçün imkanlar və təhdidlər", "Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı", "Sivilizasiyalararası dialoqda elm adamlarının rolu" mövzularında sessiyalar keçirilmişdir.

 

Gövhər Baxşəliyeva "Sivilizasiyalararası dialoq prosesində mədəni sintez məsələləri" mövzusunda çıxışı zamanı Azərbaycan dövləti tərəfindən elmin inkişafı, təhsil sistemi sahəsində həyata keçirilmiş islahatlar, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə iştirakçılara dolğun məlumat vermişdir. Tanınmış azərbaycanlı şərqşünas-alim Aida İmanquliyevanın elmi irsi nümunəsində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsirlərini təhlil etmişdir.

 

Gültəkin Hacıbəyli Azərbaycanın Avropaya inteqrasiyası, Azərbaycanla Rumıniya arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunmuşdur. O, "Yeni beynəlxalq kontekstdə qadın siyasətçilərin və QHT-lərin iştirakı" mövzusunda sessiyada çıxışı zamanı qadın siyasətçilərin rolu, Azərbaycanda qadınların hüquqlarının təmin olunması istiqamətində aparılan islahatlar və işlər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın nəcib və aktiv fəaliyyəti, çoxsaylı humanist təşəbbüsləri barədə geniş məlumat vermişdir.

 

Fazil Mustafa "Şərq və Qərb mədəniyyətlərinin uzlaşan və uzlaşmayan nöqtələri" mövzusunda çıxışında mədəniyyətlərarası dialoqun sülhə və əmin-amanlığa xidmət etməsini vurğulayaraq, mədəni qapalılığın təhlükəli tərəflərini təhlil etmişdir.

 

Hər üç məruzəçi Azərbaycan haqqında, onun tarixi, reallıqları, problemləri və uğurları barədə ətraflı məlumat vermişdir. Məzmunlu çıxışlar konfrans iştirakçılarının xüsusi marağına səbəb olmuşdur.

 

Tədbirin sonunda növbəti beynəlxalq konfransın gələn ilin mayında Bakıda keçirilməsi qərara alınmışdır.

 

Tədbir Rumıniya kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.


FOTO