DSC_1201.jpg
3 iyun 2014

Heydər Əliyev Fondu ilə Vatikan Muzeyi arasında 2 saziş imzalanıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olub.

 

Burada antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynayıblar.

 

Muzey daxili həyət, heyvanlar zalı, heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər qalereyası və digər bölmələrdən ibarətdir. Onun daxili həyətində Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri aparılıb. Muzeydəki qiymətli eksponatlar arasında bizim eradan əvvəl I əsrə aid edilən “Lakun və oğulları”, “Belveder Apollonu”, “Hermes” və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında 150-yə yaxın müxtəlif heyvanın antik abidəsi var. Zənginliyinə görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər qalereyasında isə əvvəllər Roma Papası VIII İnnokentinin yay pavilyonu yerləşib. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah dövrünə aid 100-dən artıq qədim əsər toplanılıb.

 

Muzeylə tanışlıqdan sonra Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olub.

 

Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.

 

Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri dəyərə malik olduğunu bildirən Mehriban Əliyeva rəhbərlik etdiyi Fondun Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin qorunmasında yaxından iştirak etdiyini söyləyib.

 

Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.

 

Sonda xatirə şəkli çəkdirilib.


FOTO

VİDEO