lermontov_tetbir_221214_02.jpg
22 dekabr 2014

Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr edilmiş “dəyirmi masa” keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “dəyirmi masa” “M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunu əhatə edib.

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun uzun illərdir mədəniyyət, təhsil, elm, texnologiya, ekologiya və idman sahələrində nəhəng layihələr həyata keçirdiyini xatırladıb: “Heydər Əliyev Fondu tərəfindən 400-dən artıq məktəb tikilib, valideyn himayəsindən məhrum uşaqlar üçün 40-dan çox müəssisə yenidən qurulub. Mədəniyyət sahəsində çoxlu sayda layihə reallaşdırılıb, Azərbaycanın xaricdə təqdimatları, festivallar, konfranslar, mədəni tədbirlər keçirilib”.

 

Anar Ələkbərov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətindən də söz açıb.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Azərbaycanda Rusiyanın bütün mədəni hadisələrinə həmişə dərin hörmət və maraqla yanaşıldığını söyləyib. “Lermontov dünya mədəniyyəti və ədəbiyyatında hadisədir” – deyən nazir bildirib ki, Azərbaycanda M.Y.Lermontovun yaradıcılığına böyük hörmət bəslənir: “O, Azərbaycanın Qusar rayonu ərazisindəki Qusar polkunda xidmət edib, kəndləri gəzib, sadə insanlarla görüşüb. Lermontov Azərbaycanın görkəmli mütəfəkkiri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovla dostluq edib və ondan Azərbaycan dilini öyrənib. Azərbaycanın ölkəşünaslıq muzeyində Mixail Lermontova məxsus qələm və mürəkkəbqabı saxlanılır”.

 

Təhsil naziri Mikayıl Cabbarov Lermontovun yaradıcılığından danışıb, onun qaldırdığı məsələlərin aktuallığını itirmədiyini söyləyib: “Nə qədər çox vaxt keçirsə, qaldırılan mövzular da bir o qədər aktuallaşır və bir çox suallara cavab tapmaq mümkün olur”. Nazir bildirib ki, Azərbaycanda 350-dən artıq məktəb rus dilində fəaliyyət göstərir, ölkənin bütün ali məktəblərində rus dilinin tədrisi ilə bağlı fakültələr mövcuddur: “Başqa sözlə, bizdə iştirakçıların, o cümlədən böyük şairi orijinalda oxuyanların sayında məhdudiyyətlər olmayıb. Həmçinin Lermontovun əsərlərinin Azərbaycan dilinə böyük tərcümələrinin olduğunu çəkinmədən deyə bilərəm”.

 

“Dəyirmi masa”da M.Y.Lermontovun həyat və yaradıcılığı ilə bağlı müzakirələr aparılıb.

 

Tədbirdə “Lermontov irsi” Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rus Ədəbiyyatı İnstitutunun direktoru Vsevolod Baqno, həmçinin Rusiyadan müxtəlif qonaqlar iştirak ediblər.

 

Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın gənc rəssamlarının M.Y.Lermontovun həyat və yaradıcılığına həsr olunmuş əsərləri təqdim olunub.

 

Yubiley mərasimi M.Y.Lermontovun ədəbi yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam edib.


FOTO