29 dekabr 2009

Heydər Əliyev Fondu Niderland Krallığındakı Azərbaycan məktəblərinə yeni il hədiyyələri təqdim edib

Respublikamızın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan məktəblərinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələrin təqdimat mərasimi keçirilmişdir.


Səfirlikdən bildirmişlər ki, diaspor təşkilatları təmsilçilərinin və bir qrup azərbaycanlı ziyalıların iştirak etdiyi mərasimdə səfir Fuad İsgəndərov Heydər Əliyev Fondunun və qurumun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xaricdə yaşayan azərbaycanlılara diqqətini xüsusi vurğulamışdır.

 

Diplomat, Niderlandın Amsterdam və Rotterdam şəhərlərində fəaliyyət göstərən Azərbaycan məktəblərinin nailiyyətləri, ölkəmizin inkişafı, daxili və xarici siyasətdəki uğurları və perspektivləri barədə ətraflı məlumat vermiş, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrikini iştirakçıların diqqətinə çatdırmışdır.

 

Sonra Azərbaycan məktəblərinin nümayəndələrinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış yeni il hədiyyələri təqdim olunmuşdur.

 

Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri göstərilmiş diqqətə və hədiyyələrə görə Heydər Əliyev Fonduna təşəkkürlərini bildirmiş, Hollandiyada yaşayan azərbaycanlıların daha da mütəşəkkil, milli maraqlarımızın müdafiəsinə yönəlmiş fəaliyyətinin davam etdirilməsinə dair fikirlər söyləmişlər.