Untitled-3.jpg
23 dekabr 2013

Fransa qəzetləri Müluzda Məhsəti Gəncəviyə həsr olunmuş sərgi haqda yazır

Heydər Əliyev Fondu Azərbaycanı Fransada layiqincə tanıdır.

 

Bu fikir Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Miluz şəhərində keçirilən tədbirlərlə bağlı “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Bir şairənin həssaslığı” sərlövhəli məqalədə yer alıb.

 

Məqalədə Miluzun “Fonderi” sərgi salonunda Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsertdən söhbət açılır. Azərbaycanı qədim tarixə və zəngin mədəni dəyərlərə malik ölkə kimi təqdim edən qəzet XII əsr Şərq intibahının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin doğma şəhəri olan Gəncə ilə Miluz arasında dostluq əlaqələrinin təməlinin qoyulduğu vurğulayır.

 

Yazıda sərgidə nümayiş etdirilən eksponatların zənginliyindən bəhs olunur, Məhsəti Gəncəvinin yaradıcılığında bəşəri ideyaların, o cümlədən azadlığın, qadın və kişi bərabərliyinin, qardaşlığın təcəssüm edildiyi vurğulanır. Müəllif bildirir ki, nümayiş olunan eksponatlar, şairənin əsərlərinə həsr olunmuş illüstrasiyalar XII əsr Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qızıl dövrünü əks etdirir.

 

Qəzet Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində Fransanın müxtəlif bölgələrində və şəhərlərində keçirdiyi tədbirləri təqdir edir.

 

Eyni mövzuda daha bir yazı “L’Alzas” qəzetində dərc olunub. “Musiqi - Azərbaycanın zəngin mədəni sərvəti” sərlövhəli məqalədə bildirilir ki, şəhərin Sen-Etyen kilsəsində Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konsert böyük uğurla keçib: “Buna səbəb bir qədər əvvəl Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə tolerantlıq nümunəsi olan bu ölkəni fransızlara yaxından tanıtmaq məqsədi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Miluzda sərgi və konsertin təşkil olunmasıdır. Həmin vaxtdan keçən dövr ərzində miluzlularda artıq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, musiqisi barədə geniş təsəvvür yaranıb”.

 

Məqalənin müəllifi Jan-Mari Valder Azərbaycan xalqına məxsus qədim musiqi alətləri haqda ayrıca məlumat verib. O, balaban və tarla ifa olunan musiqinin tamaşaçılarda böyük maraq doğurduğunu qeyd edib.

 

Yazının sonunda Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsertin iki ölkə arasında dostluq və mədəni əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynadığı vurğulanır.

 

http://www.lalsace.fr/haut-rhin/2013/12/17/toutes-les-splendeurs-de-l-azerbaidjan

 

http://www.dna.fr/edition-de-mulhouse-et-thann/2013/12/12/finesse-d-une-poetesse