1404608409.JPG
6 iyul 2014

Fransada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan milli musiqisinə həsr edilmiş festival keçirilib

Fransanın Jura dağlarında yerləşən qədim Syam qəsrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Syam festivalı keçirilib. Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədi daşıyan festival Azərbaycan milli musiqisinə həsr edilib.

 

Festivalın əsas təşəbbüskarı və rəhbəri, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy Azərbaycanın zəngin musiqi tarixinə və irsinə malik olduğunu bildirib. O, festivalın təşkilinə yaxından köməklik göstərən Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya, eləcə də Azərbaycanın Fransadakı səfirliyinə təşəkkür edib.

 

Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının və musiqiçinin iştirak etdiyi festivalda 47 əsərin ifa ediləcəyini vurğulayan P.Tilloy tədbirdə Azərbaycan musiqisinin ilk dəfə qonaq qismində təmsil olunduğunu və bunun təsadüfi xarakter daşımadığını söyləyib. O, bu hadisəni Azərbaycanın bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqələndirib.

 

Səfirliyin müşaviri Elmar Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə son illər Fransanın müxtəlif regionlarında, şəhərlərində keçirilən tədbirlərdən danışıb, Syam festivalının bütünlüklə Azərbaycan musiqisinə ithaf edilməsində xüsusi əməyi olan P.Tilloya minnətdarlığını bildirib.

 

Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında məşhur bəstəkarlar Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vaqif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin, Firəngiz Əlizadənin və digərlərinin əsərləri səsləndirilib.

 

Festival çərçivəsində Azərbaycanın Xalq Artisti Murad Hüseynovun, caz ustası Emil Əfrasiyabın, gənc xanəndələrdən Arzu Əliyevanın, Ehtiram Hüseynovun, onları müşayiət edən Elşən və Malik Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun ifaları dinlənilib.

 

Festival iyulun 11-dək davam edəcək.


FOTO