1415813509569047290_600x400.JPG
12 noyabr 2014

İkinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi olub

Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə İkinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib.

 

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev festivalın əhəmiyyətindən danışıb, Azərbaycanda ikinci dəfə təşkil edilmiş beynəlxalq festivala Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarların qatıldığını söyləyib.

 

Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə, zəngin ənənələrə malik qollarından biri olduğunu deyən Vaqif Əliyev bildirib ki, bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyub: “Muğam sənətindən sonra aşıq sənətinin də UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani ifadəsidir”.

 

Festivalın iştirakçıları Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

 

Açılış mərasimi iştirakçı ölkələrin sənətkarlarının konsert proqramı ilə davam edib.


FOTO