14318893565785520506_750x500.jpg
17 may 2015

Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub

Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edib. “Bu gün Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç Festivalı açılır. Biz böyük maestro ilə həmişə qürur duyuruq. O, Azərbaycan üçün çox işlər görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr həyata keçirib. O, Heydər Əliyev ilə möhkəm dost idi”, - deyə nazir bildirib.


Açılış mərasimində Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç də çıxış edib: “Mən hər dəfə gözəl Bakı şəhərinə gələndə sevinirəm. Atam Bakını öz Vətəni adlandırırdı. Dünyada Rostropoviç festivalları çoxdur. Lakin ən birinci festival burada, onun Vətənində keçirilib. Mənə dəstək göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar olacağam”.


 Olqa Rostropoviç festivalı açıq elan edib.


Festival Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun “Karmina Burana” kantatası ilə açılıb.


2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər və yaradıcı kollektivlər iştirak edir. Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelçalan Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyasının, Heydər Əliyev Sarayının səhnələrində, Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində çıxış edəcəklər.


Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun “Payatsı” operası oynanılacaq.


Festival mayın 24-dək davam edəcək.


FOTO