14.jpg
29 may 2015

Beşinci “Muğam televiziya müsabiqəsi” başa çatıb

Mayın 29-da Heydər Əliyev Mərkəzində beşinci “Muğam televiziya müsabiqəsi”nə yekun vurulub. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.


5-ci Muğam müsabiqəsinin iştirakçılarının çıxışları ilə başlayan tədbirdə dörd ay davam etmiş müsabiqənin qalibləri mükafatlandırılıb.


Münsiflər heyətinin rəyinə əsasən, yarışın qalibi Nisbət Sədrayeva seçilib. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Məhəbbət Səfərov və Sədəf Budaqova layiq görülüblər. Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən Azərbaycan Respublikasının Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinə verdiyi yüksək dəyərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.


Qeyd edək ki, Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından müsabiqədə iştirak etmək üçün 20 gənc ifaçı seçilmişdi. Gənc ifaçıların çıxışları muğam sənətinin biliciləri – xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.


Bu ilin fevralında başlamış müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və Radiosu və “Mədəniyyət” telekanalında birbaşa yayımlanıb.


Layihə Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən həyata keçirilir.


FOTO