arshin_malalan_los_angeles_210915_18.jpg
19 sentyabr 2015

Hollivudda “Arşın mal alan” filminin ilk premyerası keçirilib

Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub.

 

Bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.

 

Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib. Nümayişdə filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.

 

Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.

 

Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, “Arşın mal alan” filmi barədə məlumat verib. Baş konsul hələ 2001-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib.

 

Sonra Rəşid Behdbudovun qızı Rəşidə Rəşid çıxış edərək filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb.

 

Daha sonra fimin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, Walt Disney Studios kimi tanınmış kino-şirkətlərinin filmlərinın tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər.

 

Sonra film nümayiş etdirilib. Nümayişdə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib. 


FOTO