2 aprel 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün bina inşa edilir

Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da Ağsuya səfəri zamanı təməlini qoyduğu uşaq-gənclər bədii yaradıcılıq məktəbi üçün yeni binanın tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bina şəhərin şimal-qərbində, Muğanlı-Yevlax magistral yolunun kənarındadır. Bu məqsədlə 0,56 hektar torpaq sahəsi ayrılmışdır.

 

Bədii yaradıcılıq məktəbi üçün bina layihəyə görə ikimərtəbəli, 11 otaqdan ibarət olmaqla, 400 kvadratmetr tikinti sahəsinə malikdir.

 

Hazırda obyektdə inşaat işləri cədvələ uyğun aparılır. İkimərtəbəli əsas binanın birinci mərtəbəsində daş-hörgü işləri başa çatmışdır. İndi ikinci mərtəbə tikilir. Ümumiyyətlə, layihədə nəzərdə tutulmuş işlərin 30 faizi yerinə yetirilmişdir. Tikinti işləri yerli inşaatçıların qüvvəsi ilə görülür.

 

Obyektin cari ilin dördüncü rübündə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.