11 iyun 2010

Şamaxı Cümə məscidi əsaslı şəkildə yenidən qurulur

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şamaxıdakı qədim Cümə məscidi əsaslı şəkildə yenidən qurulur. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir gerçək sübutudur.


Bütün Cənubi Qafqazda ikinci, indiki Azərbaycan ərazisində isə ilk qədim dini mərkəz və unikal memarlıq abidəsi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunmuşdur. 1859-cu il zəlzələsində dağılan məscid yenidən bərpa olunsa da, 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdə məscidə ciddi ziyan dəymişdir. Azərbaycanın ilk ali təhsilli memarı, şamaxılı Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Pleşkonun layihəsi əsasında 1909-cu ildə yenidən qurulan bu memarlıq abidəsinin əvvəlki görkəmi bərpa edilmişdir. Məsciddə aparılan indiki yenidənqurma işləri də həmin layihənin daha möhtəşəm və təkmil variantı əsasında həyata keçirilir.

 

Cümə məscidini üç tərəfdən əhatə edən ikimərtəbəli qalereya da inşa olunur. Burada inzibati bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar yerləşəcəkdir. Məscidin yan tərəfində hər biri 36 metr hündürlüyündə iki minarə ucaldılacaqdır. Layihəyə əsasən, qalereyanın başlanğıcı və sonunda, eləcə də məscidin üstündə qədim memarlıq üslubunda naxış və ornamentlərlə bəzədilən günbəzlər qurulacaqdır.

 

Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılmışdır. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı olacaqdır. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaqdır.