17 may 2010

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri Böyük Vətən Müharibəsinin azərbaycanlı veteranlarını təbrik ediblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun məqsəd və vəzifələri, habelə humanitar sahədə həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda ahıllara daim böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə yanaşmaq isə hər birimizin borcudur.

 

Veteranlar Qədriyə Səlimova, Abdul Hüseynov, Hüseyn Axundov, Müseyib və Zoya Əliyevlər, Qasım Kərimov onlara göstərilən qayğıya və Vətən qarşısında xidmətlərinə verilən qiymətə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, onun rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşəkkür etmişlər.