04.JPG
28 dekabr 2010

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma və kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak edib

Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma və kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak etmişdir.


Xəzər rayonundakı 12 iri qəsəbədən biri olan Binə əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsidir. Son illər dövlətimizin başçısının diqqəti sayəsində görülən irimiqyaslı işlər, həyata keçirilən mühüm layihələr nəticəsində Xəzər rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilir. Binə qəsəbəsində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, sosial obyektlər tikilir, yollar çəkilir, yeni iş yerləri açılır. Qəsəbədə salınan yeni yaşayış massivlərinin sayəsində sakinlərin sayı 70 mini ötmüşdür. Bu isə həm də qəsəbədəki mövcud məktəb, uşaq bağçası, səhiyyə ocaqları və digər sosial obyektlərin sayının artırılması zərurətini yaratmışdır.


Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın Binə sakinlərinə göstərdiyi diqqət və qayğı sayəsində qəsəbə həm simasını dəyişir, həm də yeni inşa olunan sosial-mədəni obyektlər, istirahət parkları ilə xeyli zənginləşir. Heydər Əliyev Fondunun prezidenti mütəmadi surətdə qəsəbədə olur, sakinlərin arzu və istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır. Başlıcası isə fəaliyyətində təhsili prioritet sahələrdən seçən Fondun təşəbbüsü ilə inşa olunan yeni müəssisələr sayəsində Xəzər rayonundakı məktəb və uşaq bağçalarının sayı artır. Mövcud məktəb və bağçalarda aparılan yenidənqurma və təmir işləri, əlavə korpusların inşası, həmin müəssisələrin yeni avadanlıqla təchiz edilməsi Fondun ölkənin hər bir qəsəbə və kəndində olduğu kimi, Binədə də uşaqların keyfiyyətli və mükəmməl təhsil almasına hesablanmış addımlarındandır. Bu missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondu Yeni il ərəfəsində daha bir töhfəsini Binə qəsəbəsinə ərməğan etmişdir.


Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunacaq müasir tipli yeni məktəbin layihəsi ilə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, 660 şagird yerlik müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 17 sinif otağı, bundan əlavə 15 fənn kabineti və laboratoriya, kompyuter otağı, kitabxana, örtülü idman zalı, yeməkxana, akt zalı inşa olunacaqdır. Binada inzibati otaqlar, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulmuşdur.


Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılacaq, eləcə də futbol, voleybol, basketbol meydançaları tikiləcəkdir.


Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı üçün qazanxana, su nasosu stansiyası tikiləcək, transformator, su çəni quraşdırılacaqdır.


Məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin edəcəkdir.


Yeni inşa olunacaq məktəbin sxemi ilə tanış olduqdan sonra qəsəbə sakinləri ilə görüşən və bu əlamətdar hadisə münasibətilə onları təbrik edən Mehriban xanım Əliyeva dedi:


-      İlk növbədə mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Parlament seçkilərində mənə səs verdiyinizə, dəstək olduğunuza görə, sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, biz qarşımıza qoyulan bütün məqsədlərə birgə nail olacağıq. Bu gün də çox gözəl bir səbəblə görüşürük. Binədə yeni məktəbin təməli qoyulur. Çox müasir məktəbdir. 600 şagirdlik bu məktəb ən müasir tələblərə cavab verəcəkdir. Biz nəzərə alırıq ki, Binə qəsəbəsinin əhalisi artır və bu da çox gözəl bir haldır. Ona görə də, əlbəttə 5 məktəb vardır. Amma daha bir yeni məktəbin olması çox gözəl haldır. Bu gün onun təməlini qoyuruq. Ümidvaram ki, yaxın gələcəkdə bu məktəb də o biri məktəblər kimi vaxtında tikilib istifadəyə veriləcəkdir.


Mən Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Sizə dərin minnətdarlığımı bildirirəm.


Binə sakini Baladadaş Qurbanov mütəmadi olaraq onlara göstərdiyi diqqət və qayğıya görə qəsəbə əhalisi adından Mehriban xanıma təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu məktəbin tikintisi sakinlərə ən gözəl Yeni il hədiyyəsi olacaqdır. O, Mehriban xanım Əliyevanın xeyirxahlığı, qayğısı ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını dedi.


Qəsəbə sakinləri Heydər Əliyev Fondunun prezidentini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, ona bundan sonra da uğurlu fəaliyyət arzuladılar.


Sonra Mehriban xanım Əliyeva məktəbin təməlini qoydu.


Heydər Əliyev Fondunun prezidenti kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.


X X X


Daha sonra Xəzər İnkişaf Fondunun sosialyönümlü layihələrini həyata keçirmək üçün alınmış texnikanın təqdimatı oldu. Rayon ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədi ilə alınmış 3 su maşını, 2 yükünü özüboşaldan və 4 məişət tullantıları daşıyan “Kamaz” markalı maşın, eləcə də qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verildi.


Tədbirin sonunda xatirə şəkli çəkdirildi.


FOTO