1.jpg
13 avqust 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın uşaq evlərində iftar süfrələri açılıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş Nazirinin katibliyi nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib.


Baraha Ko şəhərində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf və qızı, Baş Nazirin müşaviri Şahnaz Vazir Ali, “Pakistan Sweet Home” fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak ediblər.


Tədbirdə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyilə Azərbaycanda və xarici ölkələrdə humanitar, təhsil və səhiyyə sahələrində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edilməsi vurğulanıb. Həmçinin bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərində “Akbar Care” serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürək əməliyyatları aparılıb, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını, 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber Göz Fondunun yeni binasının inşası üçün maddi yardım edilib.


Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın birinci xanımı Nüsrət Pervez Aşraf Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsi təşkil etdiyinə görə dərin minnətdarlığını bildirib və bu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulayıb.


Pakistan Baş Nazirinin müşaviri xanım Şahnaz Vazir Ali öz müraciətində Mehriban Əliyevanın təşkil etdiyi genişmiqyaslı aksiyanı təqdirəlayiq adlandıraraq digər təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırıb.


“Pakistan Sweet Home” fondunun icraçı direktoru Zamurad Xan mərasimdə çıxış edərək Mehriban Əliyevaya Ramazan sevincini kimsəsiz uşaqlarla bölüşdüyünə görə minnətdarlığını bildirib.


Konsert proqramı zamanı Pakistanın PTV dövlət televiziyası mərasim iştirakçılarından canlı yayımda müsahibələr alıb.


Tədbirin sonunda hər bir uşağa hədiyyə təqdim edilib.


FOTO