11.jpg
19 avqust 2012

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurasının Moskva hökumətinin dəstəyi ilə həyata keçirdiyi “Ramazan çadırı” xeyriyyə və mədəni-maarif layihəsində iştirak edib.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adından iftar süfrəsi açılıb və Azərbaycan Respublikası Günü keçirilib.


Artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan bu layihədə iştirak edir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirdi ki, ənənəyə görə, Leyla xanım Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayının müəyyən günü iftar süfrəsi açılır. Həmin gün oruc tutanlar Azərbaycan mətbəxinin ləziz nümunələrindən dadmaqla yanaşı, milli musiqimizi dinləyir, şeirlər oxuyurlar. Bu gün də iftar süfrəsinə gələnlər “Ramazan çadırı” qarşısında açılmış “Azərbaycan” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın foto ustalarının çəkdiyi və Bakının füsunkar mənzərələrinin, Azərbaycanın görməli yerlərinin əks olunduğu fotoşəkillər, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş çap məhsulları nümayiş etdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan haqqında videoçarx da xüsusi maraq doğurub.


Qeyd edək ki, iftar süfrəsi 600 nəfər üçün nəzərdə tutulub.


Tədbirdə iştirak edən azərbaycanlı gənclər və qonaqlar dindarlara göstərdiyi diqqət və qayğıya, xalqımızın dini adətlərinə ehtiramla yanaşdığına görə Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər.


Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, milliyətindən və dinindən asılı olmayaraq müxtəlif qonaqlar iştirak ediblər.


FOTO