04.jpg
26 dekabr 2012

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Moskvanın və Rusiya regionlarının uşaq evləri və uşaq xəstəxanalarında xeyriyyə aksiyaları keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib.


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara xüsusi qayğı ilə yanaşır, hər bayram ərəfəsində onları diqqətsiz qoymur. Bu il də nümayəndəliyin əməkdaşları ənənəyə sadiq qalaraq Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olmuşlar. Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.


Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko Fondun əməkdaşlarını səmimi salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirmişdir. Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritko demişdir: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”.


Akademik vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi insan idi və onun xalqlarımız arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.


Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşmüş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırmışlar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə etmişlər. Hədiyyə səbətinə şirniyyat, təzə və quru meyvələr, çay, mürəbbə qoyulmuşdu. Mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunmuşdur.


Moskvanın bir neçə uşaq evində tərbiyə alan balacalar da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Yeni il hədiyyələrini məmnuniyyətlə qəbul etmişlər. Şaxta baba və Qar qız nümayəndəliyin əməkdaşlarının gətirdikləri hədiyyələri uşaqlara paylamışlar. Moskvanın 43 nömrəli uşaq evinin sakinləri S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorlarının ifasında “Qış nağılı” tamaşasına maraqla tamaşa etmişlər.


FOTO