01_LEYLA_ALIYEVA-USHAQ_EVLARI-ZIYARAT_.JPG
27 dekabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi, Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinləri ilə görüşüb

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub.


Leyla Əliyevaya məlumat verildi ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlamışdır. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulmuşdur. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.


Leyla Əliyeva uşaqların yataq otaqlarına baxdı. Diqqətə çatdırıldı ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılmışdır. Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.


Leyla Əliyeva uşaqların bayram şənliyinə qatıldı və onlara hədiyyələr təqdim etdi.


X X X


Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olmuşdur.


Uşaq evinin direktoru Məhbubə Hüseynova ulu öndər Heydər Əliyevin adını daşıyan, onun ideyalarını və xeyirxah əməllərini yaşadan Fondun uşaqlara göstərdiyi qayğıdan danışdı.


Bildirildi ki, 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilmişdir.


Sonra Leyla Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa etdi. Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırdı.


Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.


Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla Əliyeva onlarla xatirə şəkli çəkdirdi.


X X X


Daha sonra Leyla Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak etmişdir.


Uşaq evinin sakinləri Leyla Əliyevanı böyük sevinclə qarşıladılar.


Vurğulandı ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Buranın sakinləri dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun qayğısını da daim üzərlərində hiss edirlər. Fondun dəstəyi ilə uşaq evi üçün 2006-cı ildə 200 nəfərlik müasir yeməkxana inşa olunmuşdur. Bundan başqa, Heydər Əliyev Fondu müxtəlif illərdə uşaq evinə 2 nəqliyyat vasitəsi, televizor, kompyuter və digər zəruri avadanlıq hədiyyə etmişdir.


Qeyd edildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evinin sakinləri ölkədə keçirilən müxtəlif bayram tədbirlərində və şənliklərdə iştirak etmiş, eləcə də beynəlxalq yarış və müsabiqələrə qatılaraq yüksək nəticələr qazanmışlar.


Leyla Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirdi.


FOTO