01_paksitan-fond-iftar-sufrasi-.jpg
20 iyul 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Pakistanda kimsəsizlər üçün iftar süfrəsi təşkil olunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın paytaxtı İslamabad şəhərindəki “Edhi Homes” kimsəsizlər evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin bu təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar üçün iftar süfrəsi təşkil olunub.


Tədbirdə senatorlar Malik Məhəmməd Rafiq Racvana və Seyid Zəfər Əli Şah, Milli Assambleyanın üzvləri Asiya Naz Tanoli, Tahir İqbal Çoudri, Pəncab və Xayber Paxtunxva əyalət parlamentlərinin üzvləri, ölkənin tanınmış siyasi və din xadimləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.


Mərasimdə Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda və xaricdə həyata keçirilən layihələr, xüsusilə humanitar tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun Pakistanda silsilə humanitar yardım proqramları çərçivəsində “Edhi Homes” kimsəsizlər evində sığınacaq tapan uşaqlar, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi baxışdan keçirilib, hepatit B virusuna qarşı peyvənd olunublar. Həmçinin Peşavər şəhərinin “Akbar Care” serebral iflic institutunda imkansızlar üçün müayinə təşkil edilib, “Kulsum İnternational” xəstəxanasında pulsuz açıq ürək əməliyyatları aparılıb.


Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Həmza Fonduna müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi verilib, Ramazan ayında və Qurban bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində humanitar aksiyalar keçirilib, Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyi göstərilib, Saif Fonduna maddi yardımlar olunub.


2007-ci ildə Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən yeni, müasir məktəb binasının inşa olunduğu, 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adının verildiyi də mərasim iştirakçılarının diqqətinə çatdırılıb.


Tanınmış siyasətçi, hakim Pakistan Müsəlman Liqasının aparıcı funksioneri senator Malik Məhəmməd Rafiq Racvana Pakistanda həyata keçirdiyi humanitar layihələrə, həmçinin müqəddəs Ramazan ayında kimsəsiz insanlara iftar yeməyi təşkil etdiyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib, bu aksiyanın Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü olduğunu söyləyib.


Senator Racvana Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələrin ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və məhz buna görə Azərbaycanın birinci xanımının 2012-ci ildə Pakistanın Qadın Könüllülər təşkilatı və “Daily Times” qəzetinin “İlin adamı - Humanizmin simvolu” mükafatına layiq görüldüyünü də qeyd edib.


İftar yeməyindən sonra “Edhi Homes” kimsəsizlər evinin sakinləri üçün musiqi proqramı təşkil olunub, onlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.


Humanitar aksiya Pakistanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.


FOTO