3.jpg
17 oktyabr 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanda Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Pəncab əyalətinin Fəyzabad şəhərindəki 400-dən çox kimsəsiz uşağın məskunlaşdığı Ancumen Faiz Ul İslam (AFUİ) uşaq evində təşkil olunmuş təntənəli mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri, senator Zəfər Əli Şah, senatorlar Saida İqbal, Nuzhat Sadıq, Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, Senat administrasiyasının rəhbəri İftiharulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, birinci xanımın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr haqda danışıb.

 

Senatorlar Zəfər Əli Şah, Səidə İqbal və AFUİ-nin prezidenti Mian Sadıq Əkbər Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar Qurban bayramında Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi diqqəti onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin xalqlarımız arasındakı münasibətlərin inkişafına töhfəsinin göstəricisi kimi qiymətləndiriblər.

 

Pakistan Senatı administrasiyasının rəhbəri İftiharulla Babar isə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr haqqında danışıb.

 

Sonda Ancumen Faiz Ul İslam evində məskunlaşmış hər bir uşağa Mehriban Əliyevanın adından qiymətli hədiyyələr təqdim edilib.

 

Lahor şəhərindəki 500 kimsəsiz uşağın məskunlaşdığı “SOS Village”də təşkil olunmuş mərasimdə Azərbaycan-Pakistan Fondunun prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudri Azərbaycan haqqında danışıb.

 

Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrorla üzləşən və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. O, bu tədbirin çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük mənəvi dəstək mənbəyi olduğunu qeyd edib.

 

Qurban bayramı ilə əlaqədar Pakistanın müxtəlif bölgələrində keçirilmiş tədbirlər zamanı 200-dən çox qurbanlıq inək və qoyun kəsilərək kimsəsizlər və qocalar evlərinə, həmçinin zəlzələdən zərər çəkmiş imkansız ailələrə paylanılıb.


FOTO