17 mart 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə Sabirabadda aztəminatlı ailələrə Novruz sovqatı paylanıb

Martın 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə Sabirabad rayonunda xeyriyyə tədbiri keçirilmişdir.


Novruz bayramı münasibətilə təşkil edilmiş mərasimdə şəhid ailələri, Böyük Vətən müharibəsinin veteranları, Qarabağ müharibəsi və Çernobıl əliləri iştirak etmişlər.


Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda aparılan böyük quruculuq-abadlıq işlərindən danışmışdır. O, aztəminatlı ailələrin daim dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulamış, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti və xeyirxah əməlləri ilə böyük xalq məhəbbəti qazandığını diqqətə çatdırmışdır.


Rayon veteranlar şurasının sədri Zülfəli Əliyev, Milli Qəhrəman atası İslam Ağayev, şəhid atası Ziyadxan Gözəlov, Çernobıl əlili Ədalət Rəhimov və başqaları çıxış edərək onlara daim diqqət və qayğı göstərən Azərbaycan Prezidentinə və Novruzqabağı bu xeyirxah tədbirin keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Sonda 1000 nəfərə yaxın aztəminatlı ailələrə Heydər Əliyev Fondunun bayram sovqatı paylanmışdır.