17 mart 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Sahil qəsəbəsində uşaqlar üçün Novruz şənliyi keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Sahil qəsəbəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.


Bayram tədbirində rayonun Sahil qəsəbəsindəki 9 saylı xüsusi təyinatlı internat məktəbindən və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindən (İB) 120 uşaq iştirak etmişdir.


Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi uşaqlara Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini çatdırmışdır.


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışmışdır.


Tədbirdə iştirak edən BMT Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Hervord Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu sahədə həyata keçirdiyi işlərə görə xüsusi minnətdarlığını bildirmişdir.


Bayram şənliyində Heydər Əliyev Fondunun BMT Uşaq Fondu ilə (YUNİSEF) birgə həyata keçirdiyi xüsusi qayğıya ehtiyacı olan uşaqların imkanlarının artırılması layihəsi çərçivəsində Qaradağ rayonunda fəaliyyət göstərən “Müşfiq” Əlil Uşaqlara Yardım İB-yə “Ford” markalı minik avtobusu hədiyyə edilmişdir.


İncəsənət ustalarının ifası isə bayram şənliyinə xüsusi ovqat gətirmişdir.


Tədbirdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri də təqdim edilmişdir.