Meeting_kolubia_030513_2.jpg
11 may 2015

Heydər Əliyev Fondunun dəstəyi ilə Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondunun həyata keçirdiyi layihə uğurla başa çatıb

Kolumbiyada hər il artmaqda olan uşaq və qadın zorakılığının qarşısının alınmasına yönəldilən layihələrin həyata keçirilməsinə yardım etmək məqsədilə Heydər Əliyev Fondunun Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fonduna etdiyi maliyyə yardımı hesabına həyata keçirilmiş layihə uğurla başa çatmışdır.


Layihə çərçivəsində Boqota şəhərində təhsil alan uşaq və yeniyetmələrə zorakılığı pisləyən və zorakılıqdan zərər çəkmiş uşaqlara psixoloji yardım edən tamaşalar təqdim edilmiş, Kolumbiyanın təhsil müəssisələrinə 20 minədək maarifləndirici vəsaitlər paylanılmış, valideynlər üçün zorakılıq əlamətlərinin aşkar edilməsinə və təhlükənin qarşısının alınmasına xidmət edən 40-dan çox mühazirə və kurs təşkil edilmişdir.


Xatırladaq ki, 2013-cü ilin may ayında Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olmuş, səfər çərçivəsində Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüş keçirilmiş, Heydər Əliyev Fondu ilə Boqota şəhərində yerləşən Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.